Amal.Az | Muğanlı qəsəbəsində torpaq sürüşməsindən sonra yeni evlərin tikintisi başa çatır

Tikinti xəbərləri »

20.11.2014 - Muğanlı qəsəbəsində torpaq sürüşməsindən sonra yeni evlərin tikintisi başa çatır

Şamaxının Muğanlı qəsəbəsində torpaq sürüşməsindən ziyan çəkən sakinlər üçün yeni evlərin tikintisi davam etdirilir.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Şamaxı rayonunun Muğanlı qəsəbəsinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə ötən ilin sentyabrında başlanılıb və hazırda son tamamlama işləri görülür. Ümumilikdə 14 hektar ərazidə 62 evin, eləcə də məktəb və digər sosial obyektlərin inşası nəzərdə tutulub. Bu günədək bütün evlərin hörgü işləri başa çatdırılıb, dam örtüyü, qapı-pəncərələri quraşdırılıb, otaqlarda döşəmə və tavan işləri görülüb. Hazırda evlərdə rəngləmə işləri görülür və qəsəbədə daxili yollar çəkilir, artezian quyuları qazılır, evlərə su və kanalizasiya, elektrik və qaz xətləri çəkilir. Bütün işlərin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 22 fərdi yaşayış evinin, Şamaxı şəhərində isə 5 ailə üçün tikilən 2 mərtəbəli yaşayış binasının inşası başa çatdırılıb. Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 ev ziyan çəkib.