- Home
- Our projects
- Kitab gəzər
"Amal Xeyriyyə"nin 2019-cu ildən fəaliyyət göstərən "KitabGəzər" layihəsi ölkəmizin ucqar kənd məktəbləri, uşaq evləri və sığınacaqlar, kənd gənclər mərkəzləri, cəzaçəkmə müəssisələri və təcridxanalarda, həmçinin hərbi hissələrdə kitabxanalar quran sosial təşəbbüsdür. Son beş il ərzində layihə çərçivəsində 47-dən çox rayonda 200-dən çox kitabxana yaradılmış, ümumilikdə isə 22.000-ə yaxın kitab ianə edilmişdir. Hazırda kənd məktəblərindəki aktiv kitabxana sayı 142-dir. Qeyd edək ki, məktəblərə təqdim edilən bütün kitablar möhürlənir və nömrələnir. Məktəb rəhbərliyinin razılığı ilə olan müəllim, ya kitabxanaçı layihənin məktəb üzrə könüllü nümayəndəsinə çevrilir. Həmin nümayəndəmiz vasitəsilə məktəbə təqdim edilən ilk 50-100 kitab setinin aylıq hesabatı alınır, yarım il və ya ilin aktiv oxucuları xüsusi hədiyyələrlə mükafatlandırılır, həmçinin aktiv məktəblərdəki kitab sayı hər dəfə 50 və ya 100 kitab əlavəsi ilə artırılır. Uşaqlarda mütaliə və kitablara sevgi yaratmaq üçün əyani və ya onlayn müəllif görüşləri, nağıl saatları keçirilir. Məktəblərə yalnız Azərbaycan dilində olan və yerli nəşriyyatlar tərəfindən nəşr edilmiş kitablar təqdim edilir. Dini, siyasi və uşaqların psixologiyasına hər hansı formada təsir edə biləcək, həmçinin rus və ya kiril əlifbası ilə olan kitablara yer verilmir. Qeyd edək ki, layihə çərçivəsində kitabxanalar yaradılması ilə yanaşı, aşağıdakı mühüm kampaniya və proqramlar da həyata keçirilib:
1. " Abituriyentlərə dəstək proqramı" - bu istiqamət üzrə layihədə iştirak edən bütün aktiv məktəblərin 9-11-ci siniflərində təhsil alan şagirdləri davamlı şəkildə universitetə hazırlıq üzrə test kitabları ilə təmin edilir.
2."KitabGəzər düşərgəsi" – Ağdam, Bərdə və Tərtər rayonundakı məcburi köçkün ailələrindən olan yeniyetmələr Bakıya dəvət olunaraq gələcək təhsil və karyera planlamasına dair 3 günlük təlim proqramında iştirak ediblər. Bu proqramda şagirdlər universitetlərə, şirkətlərə, kitabxana, muzey və tarixi abidələrə səfərlər ediblər.
3. "Gənc Müəllimlər üçün Yay Məktəbi" – Gənc müəllimlərə pedaqoji fəaliyyətlərində faydalı olacaq xüsusi kitab seti hədiyyə edilmiş, proqram müddətində kitabların oxunulması izlənilmiş, hər kitab üzrə müəllif və ya psixoloqlarla müzakirələr təşkil olunmuşdur.
4. "Kitab Klubu" – Yerli yazıçılar, nəşriyyat rəhbərləri və nağılçıların iştirakı ilə (onlayn və əyani) hər kəsə açıq görüşlər təşkil olunmuşdur. Bu görüşlərin məqsədi ölkəmizdəki kitabçılarla kitabsevərlər arasında körpü yaratmaq idi.
5. "Sevinc payı" kampaniyası – Yeni il və ya Novruz bayramlarında içlərində kitablar, məntiqi oyuncaqlar və bənzəri kiçik hədiyyələrin olduğu xüsusi paketlər müxtləif rayonların kəndlərində yaşayan və həssas sosial təbəqədən olan 1000-lərlə uşağa hədiyyə edilmişdir.
6. "Birincilər" kampaniyası – Yeni dərs ilinin əvvəlində 100-lərlə uşağa məktəbli geyimi, məktəbli çantası və məktəb ləvazimatları təqdim edilmişdir.
7. "Xoşbəxt ayaqlar" kampaniyası – Yaşadığı kəndlər məktəbdən uzaq məsafədə olan və məktəbə piyada gedib gələn 500-dən çox şagird isti payız-qış ayaqqabıları ilə təmin edilmişdir.