Bloq

Aqşin İsmayılov

Həyatda hər insanın bir məqsədi, bir amalı olmalıdır. Məqsədsiz uğur qazanmaq mümkün deyil. İnsan öz amalının arxasıyca axıradək getməlidir. Həyatın müxtəlif məqamlarında, müxtəlif çətinliklər olur və olacaq. Sıxıntı, yorğunluq, maneələr bəzən səni öz amalından döndərə bilər. Ancaq, əsl lider bütün bu problemləri arxada qoyan və daim önə baxmağı bacaran insandır. Və bir də, illərin təcrübəsindən nəticə çıxarıb, öz yolunu seçən insanlar uğur qazanacaq! Bütün bu illər ərzində müxtəlif sahələrdə çalışsam da, hər zaman kənd təsərrüfatı ilə bir bağlılığım olub. Hansı işlə məşğul olmağımdan asılı olmayaraq, vaxtımın müəyyən bir hissəsini kənd işlərinə ayırmışam. Bu bağlılığın səbəbi çox sadədir. Çünki, kolxozçu ailəsində doğulmuşam və gözümü açandan mal-qara, böyük pambıq plantasiyaları görmüşəm. Düzdür, təhsilimi tam başqa sahəyə yönəltdim, özümü müxtəlif işlərdə sınadım. Uğurlarım da az olmadı. Ancaq, sonda özümün bu sahədə kəşf elədim. Son illər aktiv şəkildə kəndə təsərrüfatı ilə məşğul olmağa başladım. Yaşadığım rayonda yerləşən pambıq zavodunda operator vəzifəsində fəaliyyətə başladım və tez bir zamanda uğur qazandım. Operator vəzifəsindən "Hazır Məhsullar Şöbəsi"nin müdiri vəzifəsinə yüksəldim. Daha sonra, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti (indiki AKİA) tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsində fəaliyyətimi davam elətdirdim. Artıq, özümü tam olaraq bu sahədə görməyə başladım. Qazandığım təcrübələri bir istiqamətə yönəltmək üçün həmişə yollar axtarırdım. Ancaq, hər hansı formada dəstək göstərən bir mənbə tapa bilmirdim. "AMAL" layihəsi haqqında məlumat aldım və bəlkə də, bu layihəyə qoşulanlardan birincisi mən oldum. "AMAL" haqqında ətraflı maraqlanmağa başladım. AMAL-ın tam mənim amalıma uyğun bir layihə olduğunu öyrəndim. Təlimlərə qoşuldum və bu təlimlərdən yeni biliklər qazandım. Öz biznes ideyamı reallaşdırmaq üçün çalışmağa başladım. İnanıram ki, mən öz amalıma AMAL-la çatacam!

AMAL Səfiri ol!