Yüklənir ...

Yay Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub

Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində Oğuz rayonunda təşkil edilən AMAL Akademiyası Yay Məktəbi başa çatıb. Avqustun 25-dən sentyabrın 1-dək davam edən yay məktəbində Azərbaycanın müxtəlif regionlarından kənd təsərrüfatına maraq göstərən 18-35 yaş arasında 56 nəfər gənc iştirak edib.

Gənc fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılması məqsədilə ilk dəfə təşkil edilən AMAL Yay Məktəbi maraqlı təlim proqramı, kənd təsərrüfatı müəssisələrinə səfərlər və gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün qaldıqları ”AFRA” oteldə təşkil olunan əyləncəli tədbirlərlə yadda qalıb. Həftə ərzində keçirilən mədəniyyət axşamlarında gənclər öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.

Yay məktəbinə Naxçıvan şəhərindən qatılan Nihad Bayramlının sözlərinə görə, məktəb mühüm nəzəri və praktiki biliklər qazandırmaqla yanaşı, ona yurdumuzun dilbər güşələrini bir daha görmək, Azərbaycanın digər bölgələrindən gələn gəncləri ilə yeni dostluqlar qurmaq imkanı yaradıb. AMAL Akademiyasının növbəti təliminə də qatılmaq arzusunda olan və bununla ölkəmizdə aqrar sahənin inkişafına töhfəsini verəcəyinə ümid edən Nihad Bayramlı, yay məktəbinin təşkilatçılarına minnətdarlığını bildirib.

Yay məktəbinin sonuncu günü həftə ərzində keçirilmiş təlim və tədbirlərin iştirakçılar tərəfindən qiymətləndirilməsi olub, gənclər öz rəy və təkliflərini bildiriblər. AMAL-ın Milli Proqram rəhbəri Elvin Nəbiyev gənc fermerlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda yay məktəbinin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

 

AMAL Səfiri ol!