Yüklənir ...

AMAL-çı gənclər Oğuz - Şəki - Qəbələ rayonlarında yeni təcrübələr əldə ediblər!

AMAL Akademiyası çərçivəsində təşkil olunmuş Yay məktəbinin iştirakçıları Şəki, Oğuz və Qəbələ rayonlarında aqrar istehsal müəssisələrinə səfər edib  və iş proseslərini canlı izləyiblər.

Yay Məktəbinin iştirakçıları ilk öncə Şəki Azəri Korporasiyasının Oğuz rayonunun Bucaq kəndində yerləşən tütün qurudulma məntəqəsinə səfər ediblər. Səfər zamanı iştirakçılar məhsuldar tütün sortları, tütünün qurudulması prosesi və satışı barədə məlumat əldə ediblər. Şəki Azəri Korporasiyasının Oğuz rayonu üzrə nümayəndəsi Xaləddin Alıcanov iştirakçıları tütünün qurudulması üçün nəzərdə tutulan müasir avadanlıqlarla tanış edib. 

Daha sonra iştirakçılar Şəki rayonunun Orta Zəyzid kəndində meyvələrin yetişdirilməsi, istehsalı, qurudulması və satışı ilə məşğul olan “Green factory” MMC -də olub.  Şirkətin baş direktoru Zəki Xanlarov iştirakçılara məhsuldar meyvə sortları, meyvə ağaclarının becərilməsi texnologiyası, müasir damcı suvarma sistemləri, meyvələrin satışının təşkili barədə yay məktəbinin iştirakçılarına məlumat verib və onlara meyvələrin qurudulması üçün istifadə olunan avadanlıqları, müasir soyuducu ambarları nümayiş etdirib.

Sahə səfərinin sonunda iştirakçılar Kənd Təsətrrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun Şəki rayonunda yerləşən Toxum Emalı Fabrikinə səfər ediblər. Səfər zamanı gənclərə dənli və paxlalı bitkilərin toxumlarının təmizlənməsi, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə tanış olublar. Dövlət Toxum Fondunun sədr müavini Elton Əbdürəhmanov iştirakçılara Toxum Emalı Fabrikinin iş mexanizmi haqqında ətraflı məlumat verib və gənclərə ehtiyyat taxılının saxlanılması üçün fabrikdə mövcud 500 və 1000 tonluq taxıl silolarını nümayiş etdirib.

Sahə səfərinin 2-ci günü yay məktəbinə qatılan gənclər Oğuzun Yemişənli kəndində fərdi sahibkar Səbuhi Zahidovun Amerika və Türkiyə hibrid toxumlarından əkilmiş 30 hektarlıq qarğıdalı sahəsinə səfər ediblər.  Səfər zamanı Zahidov iştirakçılara qarğıdalı sortları, onların becərilməsi, məhsuldarlığı və satışının təşkili barədə danışıb. Səbuhi Zahidov daha məhsuldar və xəstəliklərə qarşı davamlı qarğıdalı sortları haqqında məlumat verib.

Praktiki biliklərin artırılması üçün nəzərdə tutulan sahə səfərlərinin sonunda yay məktəbinin iştirakçıları Qəbələ rayonunda yerləşən Gilan Holdingin Ətlik, Südlük Aqrokompleksinə səfər ediblər. Səfər zamanı iştirakçılar heyvan yemi üçün əkilmiş məhsuldar qarğıdalı və yonca sahələrinə baxış keçiriblər. Bundan əlavə, iştirakçılar heyvandarlıq kompleksinin yem bazası ilə tanış olublar.  Baxış zamanı  iştirakçılara heyvandarlıqda süd istehsalının artımı üçün qüvvəli yem növləri hesab olunan silos və senaj nümayiş edilib.  Görüşdə iştirak edən Qəbələ rayon  Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM)  nümayəndəsi heyvan yeminin hazırlanması texnologiyası barədə iştirakçılara məlumat verib. 

Oğuz şəhərində keçirilən Yay Məktəbi  1 sentyabr2019-cu il  tarixinədək davam edəcək.

 

AMAL Səfiri ol!